Milli Məclis, yoxsa chat gpt? 8 oktyabr 2026-cı il tarixində Avropa Parlamenti Azərbaycandakı insan hüquqlarının vəziyyəti və siyasi məhbuslar haqqında növbəti xüsusi qətnaməni qəbul etdi. Lakin bu hadisədə ən diqqətçəkən məqam rəsmi Bakının göstərdiyi rekord reaksiya sürəti oldu. Avropa Parlamentində qətnamə Bakı vaxtı ilə təqribən saat 16:00-da qəbul olundu. Azərbaycan Milli Məclisi isə bundan cəmi 1 saat 52 dəqiqə sonra, Bakı vaxtı ilə saat 17:52-də artıq rəsmi cavab bəyanatını yayımladı. Azərbaycan hakimiyyəti Avropa Parlamentinin onlarla səhifəlik xarici dildəki hüquqi sənədini oxumaq, ingiliscədən tərcümə etmək, deputatlar arasında müzakirəyə çıxarmaq, cavab mətni tərtib etmək və dərc etmək prosesini cəmi 112 dəqiqəyə sığışdırdı. Məsələ burasındadır ki, bugün sıradan bir adam ChatGPT ilə hər hansı ciddi bir sənədin üzərində işləyəndə, onu dəfələrlə düzəldib istənilən formaya salmaq belə heç 112 dəqiqəyə başa gəlmir. Sual yaranır ki, 125 deputata ümumiyyətlə nə ehtiyac var? Görünür, Prezident Administrasiyasından Hikmət Hacıyev sənədi götürüb birbaşa ChatGPT-yə göndərib və "Buna təcili etiraz mətni yaz" deyib. Çünki onlarla səhifəlik beynəlxalq hüquqi sənədi oxumaq, tərcümə etmək, 125 deputatla real müzakirə aparmaq və 112 dəqiqəyə ortaya reaksiya çıxarmaq canlı parlament fəaliyyəti ilə imkansızdır. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda müstəqil parliament, həqiqi Milli Məclis fəaliyyət göstərmir. Müzakirə aparmayan, sadəcə yuxarıdan gələn əmrləri və hazır mətnləri avtomatik təsdiqləyən bu qurumun üzvləri müstəqil deputat deyil, sadəcə kukla rolunu oynayırlar.
Kamran Nəsirli
Şərhlər (0)
You must be logged in to leave a comment.
Be the first to comment.
