Cəmiyyət·27 October 2026

Cəmiyyətimizdə Normallaşdırılmış Qəddarlığa Görə Cərimə Oluna Bilərsiniz

15 baxış3 dəq oxu
Cəmiyyətimizdə Normallaşdırılmış Qəddarlığa Görə Cərimə Oluna Bilərsiniz

Azərbaycanda küçələrdə heyvanlara münasibətin hansı səviyyədə olduğunu göstərən mənzərələrə tez-tez rast gəlirik: qısa kəndirlə bağlanmış inəklər, yağışın və soyuğun altında, susuz saxlanılan heyvanlar, küçədə kəsilən qoyunlar, satış üçün düzülən qanlı dana başları. Bu ağır görüntülərin gündəlik həyatın adi hissəsinə çevrilməsi isə daha böyük problemdir. İnəyi qısa kəndirlə bağlamaq, hərəkətini məhdudlaşdırmaq, onu əlverişsiz hava şəraitindən qorumamaq və susuz saxlamaq sadəcə «saxlama üsulu» deyil. Bu, qəddarlıqdır. İnsan özünü təbiətin sahibi hesab etməyə nə vaxt başladı? Bəlkə də gücünü üstünlük, üstünlüyünü isə istədiyi kimi davranmaq hüququ kimi qəbul etdiyi vaxt. Halbuki güclü olmaq hər şeyə haqqının çatması demək deyil. Əksinə, müqavimət göstərə bilməyən canlıya münasibət insanın əsl mahiyyətini üzə çıxarır. Digər problem heyvan kəsiminin ictimai məkanda nümayiş etdirilməsidir. Küçədə və məclislərdə qoyun kəsilməsi, qanlı görüntülərin sosial şəbəkələrdə paylaşılması, kəsilmiş heyvan başlarının insanların gözü qarşısında sərgilənməsi müzakirə olunmalıdır. Ət istehsalı və heyvan kəsimi ilə bağlı dini, iqtisadi və məişət ənənələri mövcud ola bilər. Ancaq ənənə hər davranışı avtomatik olaraq doğru etmir. Bir davranışın uzun illər təkrarlanması onu əxlaqlı etmir. Qida əldə etmək zərurəti heyvana əlavə əzab verməyə, sanitariya qaydalarını pozmağa və qanlı görüntüləri düşünmədən yaymağa bəraət qazandırmır. Burada konkret hüquqi məsuliyyət məsələsi də var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsi baytarlıq haqqında qanunvericiliyin pozulmasına aiddir. Maddə, o cümlədən baytarlıq baxışından keçirilməyən və baytarlıq-sanitariya tələblərinə cavab verməyən heyvanların ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda kəsilməsinə, eləcə də heyvan mənşəli məhsulların müvafiq ekspertiza olmadan istehsalına və satışına görə məsuliyyət nəzərdə tutur. Deməli, küçədə heyvan kəsimi konkret şəraitdən asılı olaraq, yalnız etik deyil, həm də hüquqi problem yarada bilər. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi isə heyvanlarla rəhmsiz rəftarı tənzimləyir. Heyvana ağrı, əzab və işgəncə verilməsi, onun döyülməsi və ya döyüşdürülməsi 500-800 manat cərimə ilə nəticələnə bilər. Belə əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada göstərilməklə törədildikdə cərimə 800-1000 manatdır. Heyvanın şikəst edilməsinə görə 1000-1500 manat, rəhmsiz rəftar nəticəsində tələf edilməsinə görə isə 1500-2000 manat cərimə və müəyyən hallarda bir ayadək inzibati həbs nəzərdə tutulur. Qanunun mövcudluğu vacibdir, lakin onun tətbiqi də az əhəmiyyət daşımır. Heyvanların saxlanması və kəsilməsi zamanı qaydaların pozulmasına göz yumulursa, əzab görüntüləri məsuliyyətsiz şəkildə paylaşılırsa, qanunun kağız üzərində qalması təhlükəsi yaranır. Bəlkə də əsas problem təkcə heyvanların necə saxlanması və ya kəsilməsi deyil, əzabın görünməzləşdirilməsidir. İnsan gördüyünə alışır, alışdığını normal sayır, normal saydığını isə artıq sorğulamır. Beləcə, mərhəmət laqeydliyin içində tədricən zəifləyir. Filosof Piter Singerin heyvanların əzab çəkmə qabiliyyətinə diqqət çəkən yanaşması bizi mühüm sualla üzləşdirir: əgər bir canlı ağrı hiss edə bilirsə, onun əzabını hansı əsasla əhəmiyyətsiz saya bilərik? Cəmiyyətin inkişafını yalnız binaların hündürlüyü, yolların keyfiyyəti və iqtisadi göstəricilərlə ölçmək olmaz. Qanunun tətbiqi, ictimai məkanın qorunması və gücsüz canlılara münasibət də inkişafın göstəricisidir. Küçədə susuz qalan heyvana və əzabın adi mənzərəyə çevrilməsinə münasibətimiz özümüz haqqında çox şey deyir. Heyvanlara mərhəmət zəiflik deyil. Bu, insanın əlindəki gücdən necə istifadə etdiyini göstərən əxlaqi ölçüdür.

Şəhanə Nəsirli

Society

Şərhlər (0)

You must be logged in to leave a comment.

Be the first to comment.