Xəbər·26 July 2026

Xalq Yoxsa Kütlə?

4 baxış5 dəq oxu

Platon “Dövlət” əsərində çoxluğun hər zaman həqiqəti təmsil etmədiyini vurğulayırdı.

Tarix boyu insan cəmiyyətlərini anlamaq üçün ən vacib anlayışlardan biri “xalq” və “kütlə” anlayışlarıdır. Bu iki anlayış zahirdə bir-birinə yaxın görünsə də, mahiyyət etibarilə fərqlidir.

Xalq sadəcə eyni ərazidə yaşayan və eyni dildə danışan insanların çoxluğu deyil. Xalq öz tarixinə sahib çıxan, milli yaddaşı qoruyan, düşüncə yaradan, şəxsiyyətlər yetişdirən və öz gələcəyi haqqında qərar vermək iradəsinə sahib olan toplumdur.

Kütlə isə say çoxluğu ilə xarakterizə olunan, lakin çox zaman fərdi düşüncənin zəiflədiyi, hadisələrə daha çox emosional reaksiya verən və istiqamətləndirilməyə açıq olan insan toplusudur.

Bir toplumun xalq və ya kütlə olması onun sayından asılı deyil. Tarix göstərir ki, azsaylı xalqlar böyük mədəniyyətlər yarada bildiyi kimi, böyük sayda toplumlar da bəzən kütlə psixologiyasının təsiri altında qala bilər.

Qədim Afina xalq anlayışının ən mühüm tarixi nümunələrindən biridir. Afinada vətəndaşlar dövlət məsələlərində iştirak edir, qərarların qəbulunda rol oynayırdılar. Onlar yalnız idarə olunan insanlar deyildilər, həm də siyasi həyatın iştirakçıları idilər.

Aristotel isə insanı “siyasi varlıq” adlandıraraq göstərirdi ki, insan cəmiyyət qarşısında məsuliyyət daşıdığı zaman həqiqi vətəndaşa çevrilir.

Siyasi sosiologiyada ən çox müzakirə olunan fikirlərdən biri “3,5 faiz qaydası”dır. Bu fikir göstərir ki, əhalinin təxminən 3,5%-nin aktiv və davamlı iştirakı bəzi böyük ictimai dəyişikliklərdə mühüm rol oynaya bilər.

Bu fikir Erica Chenowethun araşdırmaları əsasında geniş yayılıb.

Əgər Azərbaycan əhalisini təxminən 10 milyon nəfər götürsək:

10 000 000 × 3,5% = 350 000 nəfər

Yəni 3,5 faiz təxminən 350 min insan edir.

Yerdə qalan kütlədir. Onlar üçün heç bir fərqi yoxdur: hansı hökumətdə yaşadı, nə yedi, nə içdi, söz azadlığı, siyasi kimlik. Bu kütlə üçün axırıncı şeylərdir. Ən birinci yerə yemək və artım gəlmişdir, ilkin qəbilə icması xüsusiyyətləri kimi. Bu təhqir deyil, bu sosiologiyadadır.

Təhqir odur ki, hələ də 3,5% xalq ortaya çıxmır və yaxud çıxara bilmirik.

Xalq anlayışını göstərən digər maraqlı nümunə San Marinodur.

San Marino ərazi və əhali baxımından çox kiçik dövlətdir. Bakıdan təxminən 35 dəfə kiçikdir. Yəni Bakının 32 kəndindən biri ilə müqayisə edə bilərsiniz.

Təxminən 34 min nəfərlik əhalisi olan bu ölkə əsrlər boyu öz müstəqilliyini qoruyub saxlayıb. Dünyanın ən qədim respublikalarından biri hesab olunur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatına üzv parlamentli demokratik bir respublikadır.

San Marino nümunəsi göstərir ki, xalq olmaq üçün böyük əraziyə və böyük əhaliyə sahib olmaq şərt deyil. Əsas məsələ dövlətçilik şüuru, demokratik dəyərlər və ortaq siyasi iradədir.

Kiçik bir toplum öz müstəqilliyini əsrlərlə qoruyursa, bu, onun sadəcə insan çoxluğu olmadığını göstərir. Bu, tarixi yaddaşa və məsuliyyət hissinə sahib olan xalq nümunəsidir.

Azərbaycan tarixinə baxdıqda da xalq anlayışının nümunələrini görürük. Əsrlər boyu müxtəlif dövrlərdə əsarət altında olduğumuza baxmayaraq, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi və milli yaddaşımızı qorumuşuq.

Şah İsmayıl, Nizami Gəncəvi, Füzuli, Axundzadə kimi böyük şəxsiyyətlərin yetişməsi göstərir ki, bu toplum yalnız idarə olunan insanlardan ibarət olmayıb. Fikir yaradan, elm və mədəniyyət formalaşdıran bir topluma sadəcə kütlə demək mümkün deyil.

Çünki kütlə özündən böyük mütəfəkkirlər, şairlər və ideya sahibləri yetişdirən bir qüvvə deyil. Xalq isə tarix yaradan və gələcək nəsillərə miras qoyan bir anlayışdır.

Amma bu davam etmədikcə, dəyərlər və şəxsiyyətlər həmin xalqdan uzaqlaşa bilər.

Necə ki, biz indi bunu Azərbaycan cəmiyyətində görürük.

Son 50 ildə Azərbaycandan qlobal elmi inqilab yaratmış və Nobel, Fields, Turing kimi ən nüfuzlu mükafatları qazanmış alim yetişməyib. Bu baxımdan ən böyük istisna və dünya miqyasında ən tanınmış ad Lütfizadə hesab olunur ki, onu da Amerika cəmiyyəti və təhsili yetişdirmişdir.

Əlbəttə ki, bir xalqın formalaşmasında hakimiyyətin rolu danılmazdır və ən əsas verici qüvvədir.

Eyni xalqın fərqli siyasi sistemlər altında fərqli cəmiyyətlərə çevrilməsi tarixdə çox görünür. Bunun ən aydın nümunələrindən biri Koreyadır.

Şimali və Cənubi Koreya eyni millətdən, eyni tarixdən və eyni mədəni kökdən gəlir. Amma bu gün iki fərqli cəmiyyət modeli mövcuddur.

Cənubi Koreya elm, texnologiya, iqtisadi inkişaf, demokratiya və açıq cəmiyyət modeli ilə formalaşıb. Şimali Koreyada isə fərqli siyasi sistem insanların düşüncə tərzinə, məlumat əldə etməsinə və ictimai davranışına təsir edib, onları tam bir kütləyə çevirib.

Bu nümunə göstərir ki, xalqın taleyində yalnız milli xüsusiyyətlər deyil, idarəetmə sistemi və siyasi mühit də böyük rol oynayır.

Bu gün Azərbaycan cəmiyyətinə baxarkən əsas yaranan sual budur ki, biz xalq xüsusiyyətlərini nə qədər qoruyuruq?

Mənim fikrimcə, bugünkü vəziyyətdə cəmiyyətin böyük hissəsini xalq anlayışı ilə izah etmək çətindir. Çünki xalq yalnız keçmişi ilə deyil, bu günü ilə də ölçülür.

Xalq öz hüququnu dərk edən, gələcəyi haqqında düşünən, ictimai məsuliyyət daşıyan və dəyişiklik yaratmaq iradəsinə sahib olan insanlardan formalaşır.

Əgər insanlar yalnız gündəlik maraqlar çərçivəsində yaşayır, ictimai proseslərə laqeyd qalır və öz taleyinə təsir etmək imkanından uzaqlaşırsa, bu, artıq xalq anlayışından uzaqlaşaraq kütlə xüsusiyyətlərinə yaxınlaşır.

Tarixdə Azərbaycan xalq olmuşdur. Çünki böyük mədəniyyət yaratmış, böyük şəxsiyyətlər yetişdirmiş və öz kimliyini qorumuşdur. Amma hər dövrdə hər toplum eyni səviyyədə xalq kimi davrana bilməz.

Xalq olmaq irs deyil, hər nəsildə yenidən qazanılan xüsusiyyətdir.

Bir toplum keçmişdə xalq ola bilər, amma bu gün öz iradəsini itirərsə, yalnız tarix kitablarında xalq olaraq qala bilər.

Alman filosofu Georg Wilhelm Friedrich Hegel yazırdı:

“Tarix dəyişməyənləri deyil, dəyişənləri yaşadır.”

Tarix göstərir ki, dəyişən dünyaya uyğunlaşa bilməyən xalqlar zəifləyir, güclü dövlətlər və mədəniyyətlər içərisində assimilyasiya olunur və zamanla ayrıca xalq kimi mövcudluqlarını itirirlər. Etrusklar, qədim prusslar və finikiyalılar bunun tarixi nümunələridir.

Bütün dəyərləri ayaqlar altına tapdanan, 400 məhbusu olan, bütün göstəriciləri Afrika ölkələrindən aşağı olan, amma Avropa ölkəsi olan, Tərtər cinayətinin baş verdiyi, səhiyyə və təhsil sistemi Afrikanın bəzi ölkələri ilə müqayisə olunmayacaq dərəcədə olan və son günlər prokurorun və ya Daxili İşlər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə, razılığı olmadan psixiatriya müayinəsi təyin oluna biləcəyi haqqında qanunun qəbul edildiyi, yəni polisin istəsə, sizin təbirinizcə desək, insanı tutub qulağından dəlixanaya sala biləcəyi bir ölkədə belə bir qanun çıxır və heç kim buna etiraz etmirsə, onda icazə verin mən belə bir ölkənin vətəndaşlarına kütlə deyim, xalq yox.

Şərhlər (0)

You must be logged in to leave a comment.

Be the first to comment.