Azərbaycanda siyasi məhbus problemi onilliklərdir ki, ölkənin siyasi sistemindəki dərin struktur qüsurların göstəricisi kimi qalır. Bu məsələ yalnız insan hüquqlarının pozulması deyil, həm də dövlət-vətəndaş münasibətlərində davam edən institusional böhranın açıq təzahürüdür. Hakimiyyətin fərqli düşüncəyə qarşı sistemli şəkildə qeyri-tolerantlıq nümayiş etdirməsi və hüquqi mexanizmləri siyasi təzyiq alətinə çevirməsi nəticəsində ölkədə demokratik institutlar sürətlə deqradasiyaya uğrayır.
Azərbaycan hakimiyyətinin Avropa İttifaqı, Avropa Şurası və ABŞ-la münasibətlərdə siyasi məhbus məsələsini zaman-zaman alver predmetinə çevirməsi beynəlxalq müstəvidə etimadsızlıq yaradır. “Sən müəyyən addım at, mən də məhbus buraxım” siyasəti yalnız siyasi dialoqun şəffaflığını məhv etmir, həm də insan hüquqlarını siyasi instrumentə çevirir. Bu siyasi bazarlığın kölgəsində isə günahsız insanların taleləri məhv olur.
Bu gün beynəlxalq təşkilatların siyahılarında 400-ə yaxınlaşan siyasi məhbusun adı çəkilir ki, bu rəqəm problemin miqyasını açıq şəkildə göstərir.
Azərbaycan artıq illərdir ki, yalnız regionda deyil, bütün Avropa qitəsində siyasi məhbus sayına görə birinci yerdə qərarlaşır. Bu fakt bir neçə paradoksu üzə çıxarır:
- Cəmi 10 milyon əhalisi olan ölkə Avropada ən çox siyasi məhbus saxlayan dövlətə çevrilib; -Avropanın heç bir ölkəsində siyasi motivli həbslər bu qədər sistemli, geniş və davamlı xarakter daşımır; -Hətta demokratiya problemləri ilə tanınan Balkan və Şərqi Avropa ölkələrində belə bu həcmdə siyasi məhbus mövcud deyil. Bu göstəricilər Azərbaycanda repressiyanın Avropa miqyasında nadir və narahatedici istisna olduğunu göstərir.
Daha sarsıdıcı müqayisə isə Rusiyayladır. Rusiyanın əhalisi 145 milyon, Azərbaycanın əhalisi isə cəmi 10 milyondur. Lakin hər iki ölkədə siyasi məhbusların sayı təxminən eyni səviyyədədir. Bu isə o deməkdir ki, hər 1 milyon nəfərə düşən siyasi məhbus sıxlığına görə Azərbaycan Rusiyanı 10–14 dəfə üstələyir. Bu nisbət həm Avropa, həm də Avrasiya məkanında misilsiz göstəricidir.
Siyasi motivli həbslər yalnız müxalifət nümayəndələrini deyil, cəmiyyətin bütün tənqidi qatlarını, yəni jurnalistləri, korrupsiya araşdıran media əməkdaşlarını, qadın jurnalistləri, sosial və ictimai fəalları, heyvan hüquqları müdafiəçilərini, eko-aktivistləri də əhatə edir. Xüsusilə qadın jurnalistlərin həbsi cəmiyyətdəki gender əsaslı ayrı-seçkiliyin və köhnəlmiş stereotiplərin necə dərin olduğunu göstərir. Hətta heyvanların qorunması və ya ekoloji problemlərlə bağlı dinc etiraz edən fəalların belə həbsi repressiyanın artıq məişət səviyyəsinə qədər endiyini sübut edir.
“Hürriyyət” qəzetinin baş redaktoru, Azərbaycan Demokrat Partiyasının Ali Məclis üzvü Vüqar Məmmədovun həbsdə saxlanmaqı media azadlığına növbəti strateji zərbədir. Media üzərində bu cür təzyiqlər tənqidi fikri sıradan çıxarır, informasiya mühitini tam nəzarətə alır, beləliklə demokratik prosesləri iflic edir.
Repressiya qısamüddətli qorxu yaratsa da, uzunmüddətli sabitlik təmin etmir. Əksinə, sosial narazılıq artır, cəmiyyət qütbləşir, radikallaşma üçün münbit zəmin yaranır və dövlət-vətəndaş etimadı məhv olur. Jurnalisti, qadın fəalı, eko-aktivisti və heyvan hüquqları müdafiəçisini susdurmaq özlüyündə böyük cinayətdir. Tarix göstərir ki, qorxu və sərtlik üzərində qurulan sistemlər ilk sarsıntıda çökür. Buna görə Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməli, məhkəmə sisteminin müstəqilliyini təmin etməli, cəmiyyətə söz, fikir azadlığı , "nəfəs almağa" imkan verməlidir. Xüsusilə qadın jurnalistlərin, sosial fəalların, eko-aktivistlərin və heyvan hüquqları müdafiəçilərinin azad olunması ölkənin demokratik dirçəlişi üçün vacib addımdır.
Tez-tez verilən "10-15 nəfərdən başqa kim var?” sualının isə tarixi cavabı var. Bəli, həqiqətən göründüyü kimi 10-15 nəfərdən başqa hələki heç kim yoxdur. Bir neçə jurnalist, hüquq müdafiəçisi, aktivist. Amma tarix göstərir ki, bütün böyük dəyişiklikləri həmişə azlıq edib. Fransa inqilabı – 8% SSRİ-nin dağılması – 3% Çexiyada “Velvet Revolution” – 1,5% Gürcüstanın transformasiyası – 5%
Tarixdə heç bir xalq birdən bütövlükdə ayağa qalxmayıb. Dəyişikliklər kiçik, azad və prinsipial azlıqlardan başlayıb. Və bu gün Azərbaycanda da həmin azlıq hələ mövcuddur.
Şərhlər (0)
You must be logged in to leave a comment.
Be the first to comment.