İlham Əliyevin Gürcüstana səfəri ilə Əfqan Sadıqov un deportasiyası arasında heç bir təsadüf yoxdur. Bu, açıq şəkildə siyasi razılaşmanın nəticəsidir. İllərlə Gürcüstanda sığınacaq alan bir jurnalistin məhz yüksək səviyyəli səfər ərəfəsində Azərbaycana qaytarılması diplomatik jest deyil bu, konkret sifarişin yerinə yetirilməsidir. Bu hadisə bir şeyi açıq göstərir: Azərbaycan hakimiyyəti artıq təkcə ölkə daxilində yox, ölkə xaricində də tənqidi səsləri nəzarət altına almağa çalışır. Və bunu digər dövlətlərlə münasibətlər vasitəsilə edir. Münhen Təhlükəsizlik Konfransında baş verənlərdən sonra vəziyyət daha da kəskinləşdi. Orada İlham Əliyevin müxalif jurnalistlə üz-üzə qalması hakimiyyət üçün xoş olmayan bir mənzərə yaratdı. Bu hadisədən sonra aydın oldu ki, bundan sonra belə risklərə getmək istəməyəcək. Mənim fikrimcə, İlham Əliyev və Mehriban Əliyeva bundan sonra xarici səfərlərə əvvəlki kimi rahat getməyəcəklər. Getməzdən əvvəl “təmizlik” aparılacaq — yəni həmin ölkələrdə olan tənqidi səslər ya susdurulacaq, ya da uzaqlaşdırılacaq. Gürcüstanda baş verənlər bunun ilk açıq siqnalıdır. Elman Nəsirovun “hamısı öz vaxtında qayıdacaq” deməsi isə təsadüfi ifadə deyil. Bu, açıq mesajdır. Xaricdə olan jurnalistlərə, blogerlərə və müxalif fəallara ünvanlanmış xəbərdarlıqdır: heç kim təhlükəsiz deyil. Bu yanaşma artıq sistem halını alır. Hakimiyyət yalnız daxildə yox, xaricdə də problem istəmir. Və bu “problemi” aradan qaldırmaq üçün siyasi və diplomatik alətlərdən istifadə edir. Bu, sadəcə bir nəfərin deportasiyası deyil. Bu, sərhədləri aşan nəzarət siyasətinin açıq təzahürüdür.
Şərhlər (0)
You must be logged in to leave a comment.
Be the first to comment.