Azərbaycan cəmiyyətinin bugünkü siyasi passivliyini yalnız qorxu ilə izah etmək doğru olmaz. Bu passivliyin arxasında daha dərin psixoloji, tarixi və siyasi səbəblər dayanır deyə düşünürəm. Azərbaycanda insanların bir hissəsində iki təhlükəli hal məqsədli şəkildə formalaşdırılıb. Nailiyyətsizlik sindromu və öyrənilmiş çarəsizlik Nailiyyətsizlik sindromu insanın əvvəlcədən “onsuz da alınmayacaq” düşüncəsinə təslim olmasıdır. Öyrənilmiş çarəsizlik isə daha dərin haldır. İnsan uzun müddət nəticə görmədikdə artıq mübarizə aparmağı da mənasız sayır. Azərbaycan insanı uzun illər ərzində məhz bu psixoloji vəziyyətə gətirilib. Burada tarixi faktor da var. Azərbaycan 70 il Sovet sisteminin tərkibində yaşayıb. Bu sistem insanı azad vətəndaş kimi yox, mərkəzdən idarə olunan obyekt kimi görürdü. Siyasi iradə Moskvada formalaşırdı. İnsan seçən yox, uyğunlaşan varlığa çevrilirdi. Bu dövr Azərbaycan cəmiyyətinin siyasi genetikasına ağır zərbə vurdu. Dövlətçilik düşüncəsi zəiflədi. Partiya, parlament, məhkəmə, yerli idarəetmə və vətəndaş təşəbbüsü formal anlayışlara çevrildi. İnsanlar dövlətin onlara aid olduğu hissini itirdilər. Müstəqillikdən sonra isə bu zədələnmiş siyasi şüur bərpa edilmədi. Əksinə, bu travma ailə hakimiyyəti tərəfindən daha da dərinləşdirildi. Bu gün əsas problem təkcə keçmiş Sovet mirası deyil. Əsas problem hazırkı Azərbaycan hakimiyyətinin insanları şüurlu şəkildə siyasətdən uzaqlaşdırmasıdır. Seçki saxtakarlığı, real siyasi rəqabətin zəiflədilməsi, müstəqil medianın sıradan çıxarılması, vətəndaş cəmiyyətinə təzyiqlər və müxalif fəaliyyətin riskli sahəyə çevrilməsi cəmiyyətdə bir fikir yaradıb: “Bu ölkədə hakimiyyət xalqa məxsus deyil. Hakimiyyət yalnız Əliyev ailəsinə məxsusdur.” Bu, çox təhlükəli düşüncədir. Çünki xalq hakimiyyəti özününkü saymadıqda dövlətlə emosional bağını itirir. Dövlət ailənin, klanın və ya dar çevrənin mülkiyyəti kimi görünməyə başlayır necə ki, indi belədir. Beynəlxalq müşahidəçilərin 2024-cü il Azərbaycan seçkiləri ilə bağlı hesabatlarında da seçkilərin məhdud siyasi mühitdə keçirildiyi, real siyasi alternativlərin olmadığı və fundamental azadlıqların məhdudlaşdırıldığı qeyd olunur. Human Rights Watch 2025 və 2026 hesabatlarında Azərbaycanda müstəqil media, siyasi opponentlər və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin artdığını bildirir. Freedom House da Azərbaycanı siyasi hüquqlar və vətəndaş azadlıqları baxımından azad olmayan ölkələr sırasında qiymətləndirir. Bu faktlar cəmiyyətdəki passivliyin təsadüfi olmadığını göstərir. İnsan illərlə seçkinin nəticəsinə təsir edə bilmədiyini görürsə, siyasətdən uzaqlaşır, həqiqəti axtarmaqdan yorulur, etiraz edənlərin cəzalandırıldığını görürsə, susmağı təhlükəsizlik yolu kimi seçir, müxalif partiyaların real idarəçilik təcrübəsi qazanmasına imkan verilmədiyini görürsə, “bunlar getsə, ölkəni kim idarə edəcək?” sualı ilə qorxudulur. Məhz bu nöqtədə avtoritar düşüncə özünü qorumağa başlayır. Səddam Hüseyn, Müəmmər Qəddafi və digər diktatorlar da xalqa eyni fikri təlqin edirdilər: “Mən getsəm, ölkə dağılar.” Bu fikir diktaturaların ən təhlükəli silahıdır. İlham Əliyev hakimiyyəti də illər ərzində Azərbaycan xalqına oxşar düşüncə sırıyıb: “Bu hakimiyyət olmasa, dövlət də olmaz.” Bu fikir həm yalandır, həm də dövlətçilik üçün təhlükəlidir. Əgər bütün dövlət orqanları bir ailənin iradəsinə bağlanırsa, bu artıq güclü dövlətçilik deyil. Bu, dövlətçiliyin zəifləməsidir. Çünki sabah həmin ailə idarəetmədən çəkilsə və ya sistem daxili böhran yaşasa, ölkədə alternativ idarəçilik təcrübəsi olan siyasi qüvvələr, müstəqil institutlar və güclü ictimai nəzarət mexanizmləri olmaya bilər. Bu isə dövlətin sabitliyini qorumaq yox, onu dağıtmaq deməkdir. Əsl dövlətçilik hakimiyyətin dəyişə bilməsi, amma dövlətin dağılmamasıdır, məhkəmənin bir ailədən asılı olmamasıdır, parlamentin icra hakimiyyətinin əlaltısına çevrilməməsidir, seçkinin əvvəlcədən məlum nəticəyə xidmət etməməsidir. Azərbaycan cəmiyyətində yaradılan nailiyyətsizlik sindromu məhz bu hissi məhv edir. İnsan artıq düşünür: “Mənim səsim heç nəyi dəyişmir, etirazım nəticə vermir, siyasətə qarışmasam yaxşıdır.” “Onsuz da hər şey yuxarıda həll olunur.” Bu düşüncə təkcə fərdi qorxu deyil. Bu, siyasi şüurun iflicidir. Tarix göstərir ki, belə vəziyyətlər uzun müddət davam edə bilməz. Çünki xalq bir gün dövlətin ailəyə yox, özünə məxsus olduğunu xatırlayır. Məhz həmin an öyrənilmiş çarəsizlik sınmağa başlayır. Azərbaycanın əsas problemi yalnız avtoritar idarəçilik deyil. Əsas problem insanların öz gücünə inamının sistemli şəkildə məhv edilməsidir. Bu gün Azərbaycan insanına yenidən xatırlatmaq lazımdır ki, Hakimiyyət xalqındır. Dövlət xalqındır, konstitusiya xalqındır, torpaq xalqındır.
Şərhlər (0)
You must be logged in to leave a comment.