Bu gün AŞPA-da (Parliamentary Assembly of the Council of Europe) Azərbaycanla bağlı müzakirə olunan əsas sənəd "Azərbaycanda tənqidi səslərin susdurulması" mövzusu və insan hüquqları vəziyyəti ilə bağlı qətnamə oldu. Bəyanatın qəbulundan sonra bəyənatın müəllifi və məruzəçisi Cənab Christophe Lacroix müsahibə götürdüm.
Cənab Lakrua suallarıma fransız dilində cavab verdiyi üçün müsahibəni tərcümə edərək paylaşacağam.
Onun hesabatı Azərbaycanla bağlı reallıqları kifayət qədər dolğun şəkildə əks etdirirdi. Hesabatda ölkəmizdəki siyasi vəziyyət, insan hüquqları, demokratiya problemi və azad sözə münasibət açıq şəkildə göstərilirdi.
Buradan Frank Schwabe də təşəkkürümü bildirirəm. Bu insanlar Azərbaycan və demokratiya üçün həqiqətən səmimi mövqe ortaya qoyurlar.
Amma bu mənzərə bir tərəfdən də çox acıdır.
Çox təəssüf ki, bəzən bir belçikalı, bir alman Azərbaycan haqqında bizim özümüzdən daha çox düşünür. Bizim millətdə isə öz ölkəsinin gələcəyi üçün məsuliyyət hissi zəifləyib.
Xalq anlamalıdır ki, nə Lakrua nə Şvabe, nə də başqa bir xarici siyasətçi bizə vətən qura bilməz.
Vətəni biz öz əllərimizlə qurmalıyıq.
Ümid etmək istərdim ki, Əliyev rejimi bu bəyanatdan dərs çıxaracaq. Amma reallıq başqadır. Reallıq odur ki, dəyişiklik yalnız xaricdən gələn hesabatlarla baş vermir. Dəyişiklik xalqın iradəsi, cəmiyyətin ayıqlığı və vətəndaş məsuliyyəti ilə başlayır.
Azərbaycan müxalifəti də bu reallıqdan nəticə çıxarmalıdır.
Təəssüf ki, müxalifət çox vaxt özünü XVIII əsr xanlıqları kimi aparır. Hər kəs öz dar mağarasında çevrəsini, öz kiçik marağını, öz mövqeyini qorumağa çalışır. Halbuki ölkənin bu gün şəxsi ambisiyalardan daha böyük bir ehtiyacı var.
Azərbaycanın vahid milli mövqeyə, aydın siyasi strategiyaya və xalqın etimadını qazana biləcək məsuliyyətli qüvvələrə ehtiyacı var.
Bu gün qəbul olunan bəyanat təkcə hakimiyyətə ünvanlanan mesaj deyil.
Bu bəyanat həm də cəmiyyətə, müxalifətə və hər bir Azərbaycan vətəndaşına verilən sualdır:
Biz ölkəmizin gələcəyi üçün nə edirik?
Əgər biz öz vətənimizin taleyinə sahib çıxmasaq, heç kim bunu bizim əvəzimizə etməyəcək.
Azərbaycanın gələcəyi xarici hesabatlarda deyil.
Azərbaycanın gələcəyi bizim iradəmizdə, birliyimizdə və məsuliyyətimizdədir.
24.06.2026
Şərhlər (0)
You must be logged in to leave a comment.
Be the first to comment.