Bakı bir neçə gündür yağış suları ilə yuyulur. Şəhər suyun içindədir. Amma məsələ bu deyil ki, yağış yağıb. Məsələ ondadır ki, bu şəhər bu qədər elementar bir vəziyyətə belə hazır deyil. Təxminən 5–6 gün ərzində Bakıya təxminən 36 mm yağış düşüb. Eyni dövrdə Yerevanda isə bu rəqəm təxminən 25 mm olub. Yəni Yerevana düşən yağış Bakıya düşənin təxminən 69–70%-i qədərdir. Bu o deməkdir ki, fərq var, amma bu fərq heç vaxt bir şəhərin iflic olub, digərinin normal işləməsi qədər deyil. Amma nəticə nə oldu? Bakı suyun içində, insanlar çarəsiz vəziyyətdə. Lakin, Yerevanda belə bir vəziyyət yoxdur. Bu artıq açıq sübutdur ki, problem yağışda deyil. Berlin kimi şəhərlərdə bir günə 30–50 mm yağış düşür. Parisdə 20–40 mm normal haldır. Tokioda isə bir günə 100 mm-dən çox yağış düşməsi adi hadisədir, amma o şəhərlər bu vəziyyətə düşmür, çünki orada sistem, infrastruktur, planlaşdırma var. Bakıda isə yoxdur. Bunu sübut etmək üçün uzun analizə ehtiyac yoxdur. Sadəcə yayılan videolara baxmaq kifayətdir.
Bir videoda yağışdan sonra evini su basmış bir qadın kömək istəyir. Açıq-aşkar deyir ki, elektrik suyun içinə düşüb, vəziyyət təhlükəlidir. Bu artıq yağış problemi deyil, bu, həyat və ölüm məsələsidir. Bəs ona verilən cavab nə olur? Polis əməkdaşı uzun söz davasından sonra deyir ki, bilirsiniz də, sizi ancaq çıxarıb quru yerə qoya bilərik... Bu, rəzil sistemin real göstəricisidir. Bu, dövlətin vətəndaşa verə bildiyi maksimum “yardım”dır. Bu, bu ölkədə təhlükəsizliyin real səviyyəsidir. Bu, fiaskodur. Şəhərin bəzi yerlərində görünən mənzərə isə vəziyyəti daha da ağır göstərir. Paslı dəmir listlərdən düzəldilmiş hasarlar, primitiv tikililər, plansız qurulmuş məhəllələr bu, paytaxt deyil. Bu mənzərə demokratiya indeksində Azərbaycanın 27 xal ilə en geri paylaşdığı ,Əfqanıstan, Nigeriya, Mali, Burkina Faso kimi ölkələrin reallığını xatırladır. Və bu artıq emosional müqayisə deyil, həqiqətdir. Bu mövzuda çox danışmağa belə ehtiyac yoxdur. Reallıq artıq çılpaqlığı ilə ortadadır. Problem dövlət idarələrinin səriştəsizliyidir. Problem bu sistemi idarə edənlərin bacarıqsızlığı və ən əsas acgözlüyüdür. Problem ölkə hakimiyyətinin insanları qorumaq iqtidarında olmamasıdır. Haradadır bu ölkəyə daxil olan milyardlar? Təkcə neftdən gələn pullar, ayda 2 milyard manat?Gündə 66 milyon, saatda 2.7 milyon, hara gedir? Fransada kilsə təmir edən, Yerevanda, Ermənistanda kilsələrə pulsuz qaz verən, İsveçrənin reklamlarını maliyyələşdirən hökumət haradadır? Öz vətəndaşına gələndə isə deyirki, bilirsiniz də… sizi ancaq çıxarıb quru yerə qoya bilərik. Ümumiyyətlə isə ən diqqət çəkən məqamlardan biri də budur ki, baş verən bu qədər ciddi hadisələrə baxmayaraq, nə dövlət başçısından, nə də məsul qurumlardan çıxıb aydın, konkret və məsuliyyətli bir açıqlama verən yoxdur. Heç kim çıxıb demir ki, problem nədədir, bu vəziyyət niyə yarandı, bunun məsuliyyətini kim daşıyır. Və ən əsası heç bir istefa yoxdur. Bu artıq idarəetmə deyil. Bu, açıq şəkildə acizlikdir. Əgər bir şəhər 36 mm yağışa dözmürsə, amma dünyanın başqa şəhərləridə 50 mm, 100 mm yağış altında belə problem yoxdursa, burada müzakirə ediləcək bir şey qalmır. Bu, təbiət problemi deyil. Bu, sistem problemidir. Və bu sistem işləmir. Problem yağışda deyil, problem İlham Əliyevdədir onun korrupsioner məmurlarında və buna boyun əyən Azərbaycan xalqındadır.
Kamran Nasirli
Şərhlər (0)
You must be logged in to leave a comment.
Be the first to comment.