Bizim kimi cəmiyyətlərdə intellektual inkişafın yerini adətən düşüncə, idea yox, danışmaq ehtirası tutur. Maariflənmə isə tamamilə başqa bir prosesdir. O, səbr və intellektual intizam tələb edir, oxumaq, dinləmək, faktları müqayisə etmək və nəticə çıxarmaq. Danışmaq isə bu mərhələlərin heç birini tələb etmir. Buna görə də bir çox insan maariflənmək əvəzinə, sadəcə fikir bildirməyi, danışmaqı seçir. Belə mühitdə qulaq asmaq mədəniyyəti formalaşmır. Dinləmək, qarşı tərəfin arqumentini anlamağa çalışmaq və onu analiz etmək intellektual səy tələb edir. Bu səyin yerini isə emosional reaksiya və hazır stereotiplər tutur. Nəticədə cəmiyyət düşünən fərdlərin məcmusu olmur o, danışan subyektlərin və refleks verən kütlənin cəminə çevrilir, eynən hal hazırda bizim cəmiyyətdə olduğu kimi.n
Əgər bir cəmiyyətdə aşağıdakı üç mədəniyyət zəifdirsə, həmin cəmiyyətin intellektual strukturu dayanıqlı ola bilməz:
Oxumaq mədəniyyəti, dinləmək mədəniyyəti, fərqli fikrə dözümlü yanaşma və analiz etmək mədəniyyəti.
Bu üç element yoxdursa, ictimai diskurs inkişafın aləti olmur. O, enerjini tükəndirən, bəzən isə insanların bir-birinin düşüncə sahəsini zəbt etdiyi parazitar kommunikasiya formasına çevrilir.
Bu fenomen Azərbaycan cəmiyyətində də açıq şəkildə müşahidə olunur. Xüsusilə mediada və sosial platformalarda mürəkkəb mövzular üzrə fakt bilmədən “ekspertlik” edilir, analiz yerini sloqan və emosional reaksiyalar tutur, fərqli fikir bildirən dərhal düşmən kimi damğalanır, fikrin dəyəri onun məntiqi ilə deyil, Beləliklə, diskurs bilik üzərində deyil, loyallıq və emosional identifikasiya üzərində qurulur.
Bu vəziyyətin kökündə təkcə fərdi zəifliklər deyil, struktur səbəblər, xüsusilə təhsil sistemi dayanır. Təhsil sistemi maarif yaratmaq əvəzinə, əgər əzbərçiliyi təşviq edirsə, sual verməyi zəiflədirsə, müstəqil düşüncəni boğursa, onda bu artıq sadəcə uğursuzluq deyil funksional modeldir. Tarix göstərir ki, bir çox avtoritar sistemlər üçün ideal vətəndaş düşünən fərd deyil. O, idarə olunması asan kütlədir. Bu səbəbdən geniş, tənqidi düşünən kütlə sistem üçün riskdir, lakin təhsilsiz və reaktiv kütlə idarəetmə üçün optimaldır. Hakimiyyət və kütlənin istehsalı Avtoritar sistemlər sadəcə mövcud kütləni idarə etmir, onlar özlərinə uyğun kütlə yetişdirir. Bu sosial mühəndislik aşağıdakı mexanizmlərlə işləyir, medianın səviyyəsizləşdirilməsi, ekspert anlayışının devalvasiyası, tənqidin delegitimləşdirilməsi.
Michel Foucault bunu hakimiyyət və bilik əlaqəsi ilə izah edirdi: “Bilik hakimiyyət yaradır, hakimiyyət isə bilik istehsal edir.” Yəni hansı biliklərin yayılacağı və hansının yox sayılacağı siyasi qərardır.
İnsanlar əvvəl mövqe seçir, sonra arqument axtarır və bunu “düşüncə” kimi təqdim edir. Bu isə maarifçilik fəlsəfəsinin əsas prinsipinin tam əksidir. Immanuel Kant maarifi belə təsvir edirdi: “Maarif insanın öz günahı ucbatından düşdüyü yetkin olmama halından çıxmasıdır.” Lakin bəzi cəmiyyətlərdə bu “yetkin olmama halı” fərdi zəiflik deyil, sistem tərəfindən qorunan vəziyyətdir. Bu tip cəmiyyətlərdə əsas problem insanların “danışması” deyil. Problem odur ki, danışmaq düşüncəni əvəz edir, mövqe biliyi əvəz edir, səs-küy həqiqəti əvəz edir. Maariflənmə isə bunun tam əksidir. O, danışmaqdan deyil, anlamaqdan başlayır. Düşünən cəmiyyətlə danışan cəmiyyət arasındakı fərq isə prinsipialdır: biri əvvəl anlayır, sonra danışır, digəri əvvəl danışır, sonra bəlkə düşünür. George Orwell yazırdı: “Azadlıq insanlara eşitmək istəmədiklərini demək hüququdur.”
Kamran Nasirli