İqtisadiyyat·09 June 2026

Yarım Trilyonluq Sərvət və Çökən İnfrastruktur

9 baxış8 dəq oxu

Azərbaycan nefti haqqında danışanda “ilk dəfə neft çıxması” ilə “ilk sənaye nefti”ni qarışdırmamaq lazımdır. Abşeronda neft çox qədimdən istifadə olunurdu, amma müasir sənaye mərhələsinin başlanğıcı kimi adətən 1846-cı ildə Bibiheybətdə qazılmış ilk mexaniki quyu götürülür; 1863–1872 aralığında isə Bakı neft hasilatı 395,470 pooddan 1,536,000 pooda yüksəlmişdi. Bu, təxminən 25.2 min ton, yəni təxminən 184 min barel illik hasilat deməkdir. Orta hesabla bu, gündə təxminən 500 barel səviyyəsi edir. Bugünkü təxmini 75 dollar/barel qiyməti ilə bu həcmin illik brutto dəyəri təxminən 13.8 milyon dollar edərdi.

Amma “əsl böyük neft pulları” artıq XIX əsrin sonu və XX əsrin əvvəllərində görünür. Rəsmi mənbələrə görə, Azərbaycan 1901-ci ildə 11 milyon ton neft hasil etmişdi və bu, dünya hasilatının yarısından çoxuna bərabər idi. 11 milyon ton təxminən 80.6 milyon barel edir. Bugünkü 75 dollar/barel səviyyəsi ilə bu miqyas bugünkü qiymətlə illik təxminən 6.05 milyard dollar brutto dəyər deməkdir. Yəni, Azərbaycan nefti əvvəlcə kiçik sənaye miqyasında başlasa da, çox qısa müddətdə qlobal miqyaslı sərvətə çevrilmişdi.

Bu pullar yalnız “Azərbaycan milyonçularına” getmirdi. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi yerli neft sahibkarları həmin dövrdə böyük sərvət qazandılar və rəsmi Azərbaycan mənbələri onları yeni yerli sahibkar nəslinin əsas fiqurları kimi təqdim edir. Ancaq eyni zamanda xarici kapital da çox güclü idi. Rəsmi mənbəyə görə, Rothschild bankı Bakı neft ixracının 42%-nə nəzarət edirdi. Başqa tarixi icmallar isə Birinci Dünya müharibəsi ərəfəsində bir neçə iri xarici-rus şirkət qrupunun hasilatın böyük hissəsinə nəzarət etdiyini göstərir. Neftdən həm yerli azərbaycanlı milyonçular, həm də xarici kapital çox böyük gəlir götürürdü, hətta bir çox mərhələdə əsas ixrac kanalları xarici maliyyə qruplarının nəzarətində idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə vəziyyət fərqli idi. ADR neftdən yararlanmaq istəyirdi, amma müharibə, bazarların bağlanması, daşınma problemləri və siyasi qeyri-sabitlik buna ciddi mane olurdu. Tarixi icmallarda 1919-cu ildə 3.6 milyon ton neft hasil olunduğu, amma şimal bazarının bağlanması səbəbindən bunun yalnız 0.6 milyon tonunun ixrac edildiyi göstərilir. 3.6 milyon ton təxminən 26.4 milyon barel, 0.6 milyon ton isə təxminən 4.4 milyon barel edir. Bugünkü 75 dollar/barel ilə baxsaq, hasil olunan bütün 1919 neftinin brutto dəyəri təxminən 1.98 milyard dollar, ixrac olunan hissənin dəyəri isə təxminən 330 milyon dollar olardı. Deməli, ADR neft sərvətinə sahib idi, amma onu tam monetizasiya edə bilmədi.

Bununla yanaşı, ADR büdcəsində neft dolayısı ilə mühüm rol oynayırdı. Həmin dövrün iqtisadi icmallarında dövlət büdcəsinin əsas gəlir mənbələri sırasında gömrük rüsumları və xüsusilə neft məhsullarına tətbiq olunan aksizlər göstərilir. ADR neftdən istifadə edə bildi bəli, amma məhdud şəkildə. Dövlət neftdən tam sabit və böyük həcmdə gəlir çıxara bilmədi. Buna baxmayaraq neft yenə də büdcənin əsas dayaqlarından biri idi.

1920-ci ildən sonra sovet mərhələsi başlayır və burada məsələ çox sərtləşir. Neft artıq bazar gəliri yox, imperiya resursu kimi işləyirdi. Tarixi tədqiqatlar göstərir ki, Lenin üçün Bakının nefti Sovet Rusiyasının yaşaması baxımından vacib idi. Bolshevik hakimiyyəti qurulduqdan sonra neft sektoru milliləşdirildi və Azərbaycanın neft sənayesi bütövlükdə SSRİ-nin ehtiyaclarına yönəldildi. Rəsmi və akademik mənbələr bunu açıq göstərir: Bakı nefti Sovet Rusiyasını təmin etmək üçün əsas vasitələrdən biri idi. Sovet dövründə çıxarılan həcmlər çox böyük idi. Təkcə 1941-ci ildə Azərbaycan 23.5 milyon ton neft hasil etmişdi və bu, SSRİ hasilatının 71.4%-i idi. Rəsmi mənbəyə görə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft və 22 milyon ton benzin vermişdilər. Bu fakt özü göstərir ki, Azərbaycan sərvəti birbaşa sovet hərbi-sənaye sisteminin dayaq sütunlarından biri idi. 23.5 milyon ton bir ildə təxminən 172 milyon barel deməkdir. Bu miqyas bugünkü qiymətlə on milyardlarla dollar dəyərindədir. 1971-ci ilə aid məlumatlarda 71 ci ilə kimi çıxarılan neftin ümumi miqdarının 1 milyard ton olduğu bildirilir, loru dildə desək yubiley keçirilir. “Pravda” qəzeti SSRİ Dövlət statistika materialları Sovet sənaye hesabatları bunu təsdiq edir. Bu 1 milyard tona çar və sovet dövrü hasilatı da daxildir, bunu ayırmaq istəsək Çar dövrü (təxminən 1870–1918) təxminən 200–250 milyon ton = 1.4 – 1.8 milyard barel, bu günkü qiymətlə (75$) 100 – 135 milyard dollar. Müqayisə üçün deyim ki, II Aleksandr 1867-ci ildə Alyaskanı ABŞ-a cəmi 7.2 milyon dollara satmışdır ki, bu da bugünkü qiymətlə təxminən 120–150 milyon dollara bərabərdir. Azərbaycan Alyaskadan nə qədər qiymətli görünürdü bir təsəvvür edin. Post-sovet məkanında müxtəlif regionlar imperiya iqtisadiyyatında mühüm rol oynasa da, Azərbaycan nefti kimi yüksək gəlirli və qlobal bazara inteqrasiya olunmuş resurs baxımından heç bir respublika eyni səviyyədə iqtisadi dəyər yaratmamışdır. Ukrayna imperiyanı doyururdu, Azərbaycan isə imperiyanı maliyyələşdirirdi.

Sovet dövründə isə 1991-ci ilə qədər qara qızıldan gələn yekun rəqəm daha yuxarı olmalıdır. Buna görə sovet dövrü üzrə təxminən 1.0–1.3 milyard ton səviyyəsi konservativ “order of magnitude” kimi götürülə bilər. Bu isə 7.33–8.80 milyard barel deməkdir. Bugünkü 75 dollar/barel ilə bu hasilatın brutto dəyəri təxminən 550–660 milyard dollar aralığına düşür. Bu, “sovet dövründə Azərbaycan ərazisindən çıxarılmış neftin bugünkü qiymətlə təxmini brutto dəyəridir.

Sovet dövründə Azərbaycan nefti yüz milyardlarla dollar ekvivalentində sərvət yaratdı və onun əsas faydalananı Azərbaycan büdcəsi yox, SSRİ mərkəzi sistemi oldu. Bakı nefti sovet sənayeləşməsinin və müharibə iqtisadiyyatının strateji yanacağı idi.

Müstəqillik dövründə isə model dəyişdi. Rəsmi Azərbaycan enerji siyasətində dönüş nöqtəsi 1994-cü il “Əsrin müqaviləsi” sayılır. Sonrakı mərhələdə BTC və digər ixrac infrastrukturu ilə neft-qaz gəlirləri artıq Azərbaycanın öz dövlət maliyyə sisteminə daxil olmağa başladı. Bu dövr üçün ən möhkəm rəsmi göstərici SOFAZ-dır. 2025-ci ilin sentyabrına olan rəsmi məlumata görə, SOFAZ-ın aktivləri 70.16 milyard dollar idi Hətta: 2025 sonuna doğru bu rəqəm 73.5 milyard dollar səviyyəsinə çatıb eyni zamanda SOFAZ rəhbərliyinin açıqlamasına görə fond yaranandan bəri dövlət büdcəsinə 140 milyard dollardan çox transfer edib. Yəni təkcə SOFAZ kanalından keçən ictimai neft-qaz pulu artıq 210 milyard dollardan çoxdur. Bu rəqəmə SOCAR-ın öz daxilində saxladığı gəlirlər və ayrıca vergi axınları daxil deyil. Deməli, müstəqillik dövrünün ümumi sektor gəliri bundan da yüksəkdir. Bunu bir cümlədə belə yekunlaşdırmaq olar: çar dövründə Azərbaycan nefti həm yerli milyonçulara, həm xarici kapitala sərvət yaratdı. ADR dövründə neft vardı, amma tam istifadə edilə bilmədi. Sovet dövründə neft əsasən SSRİ mərkəzi üçün işlədildi. Müstəqillik dövründə isə neft gəlirlərinin azı 210 milyard dollarlıq hissəsi dövlət maliyyə sistemində görünən şəkildə toplanıb. Ölkəyə ayda təxminən 2.2 milyard manat gəlir daxil olur. Bu isə gündə 66 milyon, saatda 2.7 milyon, dəqiqədə 46 min, saniyədə isə təxminən 770 manat deməkdir. Mən hesablamalarda təxminən ən ucuz qiyməti $70/barel götürürəm ki, bu günkü gün 02.04.2026 ci il qiymətlər 112 dollardır ki, 112 dollardan hesablasaq, və yaxud 100 dollardan orta rəqəmlər 30-35 % faiz arası şişəcək, yəni 2.2 milyard manat yox 3 milyarddan yuxarı olacaq. Hesablamalar hazırkı reallığa uyğun aparılıb. Yəni gündəlik neft hasilatı təxminən 600 min barel səviyyəsi əsasında götürülüb. Bu, Azərbaycanın indiki hasilat göstəricisinə uyğun rəqəmdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan neft hasilatında daha yüksək dövr də yaşayıb. Məsələn, 2010-cu illərdə gündəlik hasilat təxminən 1 milyon barel səviyyəsinə qədər yüksəlmişdi. Həmin dövrdə 1 milyon barrel hasilat və 90 dollar qiymət şəraitində gündəlik gəlir təxminən 153 milyon manat, aylıq isə 4.6 milyard manat səviyyəsinə çatırdı ki, bu da Küveytdə çıxarılan neft həcminə və gələn gəlirlərə 95% bərabərdir. Əlbəttə ki, bu net gəlir deyil, ümumi xərclər var. Xarici şirkətlərin payını və xərcləri çıxdıqda Neft gəliri əvvəlcə xərclərə gedir, daha sonra qalan vəsait yenidən şirkətlər arasında bölünür. Bu mərhələdə xarici şirkətlər həm xərclərini geri alır, həm də əlavə olaraq mənfəətdən pay götürür. Müasir dövrdə Azərbaycan gündəlik təxminən 600 min barel neft hasil edir ki, bu da illik təxminən 200 milyondan çox barrel deməkdir. SOCAR-ın təkcə 2022-ci ildə 119 milyard manatlıq ümumi dövriyyəsi olmuşdur. Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə gündəlik hasilat təxminən 100 min barrel səviyyəsində idi. Bu isə indiki göstəricidən təxminən 6 dəfə azdır. Yəni müasir dövrdə həm hasilat, həm də maliyyə dövriyyəsi baxımından Azərbaycan neft sektoru tarixi dövrlə müqayisədə dəfələrlə böyümüşdür.

Bu ölkədən keçən neft pulları artıq yüz milyardlarla yox, yüz milyardların qat-qat üstündə, yəni bir neçə yüz milyard dollar səviyyəsindədir və bəzi hesablamalarda bu rəqəm yarım trilyona yaxın qiymətləndirilir.

Bu, təxminən 500 milyard dollar deməkdir. Bu isə Azərbaycanın 6-7 illik ümumi iqtisadiyyatına bərabərdir. Bu məbləğlə hər bir vətəndaşa təxminən 50 min dollar düşür. Bu pul ilə minlərlə kilometr metro xətləri çəkmək, milyonlarla mənzil tikmək mümkün olardı. Bakı üçün tam müasir kanalizasiya və drenaj sisteminin qurulması təxminən 5-10 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu isə müstəqillik dövründə ölkədən keçən neft gəlirlərinin cəmi bir neçə faizinə bərabərdir. Bu qədər sərvətin müqabilində biz nə görürük? Burada diqqətinizi yalnız neftdən gələn vəsaitə çəkirəm. Bu rəqəmlərə qaz, digər təbii resurslar və əlavə gəlir mənbələri daxil deyil. İndi isə müqayisə edək. Qonşu Qafqaz ölkələrinə — Ermənistan və Gürcüstana baxdıqda görürük ki, onların heç bir ciddi neft ehtiyatı yoxdur. Onlar bu cür milyardlarla dollarlıq resurslara malik deyillər. Amma buna baxmayaraqbu ölkələrdə yağış şəhərləri iflic etmir, insanlar suyun içində qalmır, elementar infrastruktur bu səviyyədə çöküş yaşamır. Yəni məsələ artıq tam aydındır ki, problem resursun olmaması deyil. Problem resursun necə istifadə olunmasıdır.

Kamran Nasirli

Şərhlər (0)

You must be logged in to leave a comment.

Be the first to comment.